Yeddi məşhur Quran qaresini tanıyaq

Üçüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-1016.htmlhttp://az.islam.az/article/a-1017.html)

Altıncı qare

Yeddi qarenin altıncısı Əbu Abdullah (və ya Əbu Ruveym) Nafe ibn Əbdürrəhman Mədəni əslən İsfahan şəhərindən olsa da, Mədinədə yaşayırdı. Malik ibn Ənəs və Əhməd ibn Hənbəl kimi məşhur alimlər onun qiraətini bəyənirdilər. Nafe hicri 169-cu ildə (miladi 785-786-cı illər) vəfat etmişdir.

Raviləri

Nafenin qiraət üslubu iki nəfər vasitəsilə yayılmışdır. Bunların birincisi Əbu Musa İsa ibn Mina Nafenin ögey oğlu idi. Nafe ona “Qalun” ləqəbini vermişdi. Maraqlıdır ki, Qalun bizans əsilli idi; ulu babası Bizansla müharibədə müsəlmanlara əsir düşmüşdü. Qalunun daha bir maraqlı xüsusiyyəti kar olmasında idi. Amma qulaqlarının eşitməməsi onun qiraət sahəsində mükəmməl ustad kimi yetişməsinə mane ola bilmədi. Qalun danışanların dodaqlarının vəziyyətindən nə dediklərini anlayırdı. O, hicri 220/miladi 835-ci ildə dünyasını dəyişmişdir.

Nafenin ikinci ravisi Osman ibn Səid Misri ağbəniz olduğu üçün, Nafe ona “Vərş”, yəni “pendir” ləqəbini vermişdi. Vərş hicri 197-ci ildə (miladi 812-813-cü illər) Misirdə vəfat etmişdir.

Yeddinci qare

Yeddi qarenin sonuncusu Əbül-Həsən Əli ibn Həmzə Kisai (vəf. hicri 189/miladi 805) Bəni-Əsəd qəbiləsinə mənsub edilsə də, ulu əcdadları iranlı idi. (Kisainin ulu babalarının adı Bəhmən və Firuz olmuşdur). O, qiraət qaydalarını əsas etibarilə ötən bölümdə beşinci sırada haqqında məlumat verdiyimiz Həmzə ibn Həbib Zəyyatdan öyrənmiş və onun vəfatından sonra öz üslubunu formalaşdıraraq, Kufə qarelərinin başçısı olmuşdu. Kisai xəlifə Əminə və Məmuna dərs demişdir. Kisai və o zamanın böyük fiqh alimi, Əbu Hənifənin şagirdi Məhəmməd Şeybani eyni gündə Rey şəhərində vəfat etmişdilər. Abbasi xəlifəsi Harun ər-Rəşid həmin gün demişdi: “Fiqh elmi ilə ərəb dilçiliyi hər ikisi Reydə dəfn olundu ”.

Raviləri

Kisainin qiraətini rəvayət edənlərin birincisi Əbu Haris Leys ibn Xalid Bağdadi (vəf. hicri 240/miladi 854-855), ikincisi isə Əbu Əmr Bəsriyə məxsus qiraətin ravisi Həfs ibn Əmr Duri Əzdi (vəf. hicri 246/miladi 860-861) idi.

Deyildiyi kimi, miladi X əsrdə yaşamış Əbu Bəkr ibn Mücahid adlı alim müxtəlif Quran qiraətlərinin içindən bu yeddi qiraəti bəyənmiş və onları məşhur etmişdir. Mücahidin hansı kriterilərə əsaslandığı barədə dəqiq məlumat yox dərəcəsindədir. Ehtimala görə, o, seçim zamanı xilafətin iri şəhərlərində xalq içində məşhur olan qiraətlərə üstünlük vermişdir. İbn Mücahid o zamanın meqapolisləri sayılan Məkkə, Mədinə, Diməşq və Bəsrə şəhərlərinin hər birindən bir qare seçmişdi. Ən iri şəhərlər işində həm elm, həm də siyasət mərkəzi olmaq baxımından birinci yerdə duran Kufə şəhərindən isə 3 qiraət qaydası bu siyahıya düşdü: Asim ibn Əbun-Nücud, Həmzə ibn Həbib Zəyyat və Əli ibn Həmzə Kisainin qiraətləri.

Yeddi qarenin hər birinin qiraət məktəbi bir məşhur səhabənin qiraət qaydalarına əsaslanır. Bu mənada yeddi qiraət üslubunu İslamın ilk dövrlərində məşhur olan Quran mütəxəssislərinin irsinin davamı kimi qəbul edə bilərik. İbn Kəsir Məkki, Nafe Mədəni və Əbu Əmr Bəsrinin qiraəti tanınmış səhabə, Quran müəllimi kimi ad qazanmış, “seyyid əl-qura”, yəni “qarelərin ağası, başçısı” ləqəbli Übeyy ibn Kəbin qiraətindən qaynaqlanır. Übeyy ibn Kəbin qiraət üslubu həm Peyğəmbər (s), həm də məsum imamlar tərəfindən bəyənilirdi.

İbn Amir Diməşqinin qiraəti Osman ibn Affanın məktəbinə əsaslanır. Kufə qareləri Asim, Həmzə və Kisai isə öz qiraət üslublarında daha çox İmam Əli ibn Əbutalibin (ə), qismən Abdullah ibn Məsudla Osman ibn Affanın qiraət məktəblərindən faydalanmışlar.


Yerləşdirilib:11 Fevral, 2019, Baxılıb:1785, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com