Bir tövbənin tarixçəsi

Üçüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-1018.html; http://az.islam.az/article/a-1019.html)

Nəinki Allahın adını zikr edib həmişə bu düşüncədə olmaq, hətta Allahın adı yazılmış vərəqi əzizləmək də insanın hidayət olmasına və seyrü-süluk yoluna qədəm basmasına səbəb ola bilər. Bişr Hafinin başına gələn hadisə buna sübutdur.

Bişr Hafi (vəf. hicri 226/miladi 841-ci il) İslam tarixində özünəməxsus yeri olan şəxslərdən biridir. Həm təsəvvüf şeyxlərindən sayılmış, həm də ilahiyyat alimi kimi şöhrət qazanmışdır. O, Malik ibn Ənəs, Süfyan ibn Üyeynə, Zühri, Şüreyk, Abdullah ibn Mübarək, Füzeyl ibn Əyaz və başqalarından dərs almış, böyük sufi Səriyy Səqətinin tərbiyəsində mühüm rol oynamışdır. Bişr əslən Xorasanın Mərv şəhərindən idi, lakin Bağdadda yaşayırdı. Bu məşhur təsəvvüf xadiminin ulu babası İmam Əlinin (ə) hidayəti ilə İslam dinini qəbul etmişdi.

Bişr əvvəllər əyyaş cavanlara qoşulub kef məclislərində gününü əyləncə ilə keçirirdi. Onun seyrü-süluk yoluna qədəm basmasının maraqlı tarixçəsi vardır. Həmin hadisəni Əttar Nişaburinin “Təzkirət əl-övliya” kitabına istinadən nəql edirik.

Bir gün Bişr məst halda kef məclisindən qayıdanda üzərində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi yazılmış bir kağızın ayaq altında düşüb qaldığını görür. Kağızı götürüb evə gəlir, ətirləyib ehtiramla evin yuxarı başına qoyur.

Həmin gecə böyük ariflərdən biri yuxuda qeyb aləmindən səs eşidir: “Bişrə deyərsən ki, sən Mənim adımı təmizlədin, Mən də sənin adını təmizləyərəm. Sən Mənim adım yazılmış kağızı sığallayıb əzizlədin, Mən də səni (öz mərhəmətimlə) sığallayıb əzizləyərəm. Sən Mənim adımı pak etdin, Mən də sənin adını pak edərəm. İzzətimə and olsun ki, sənin adını dünya və axirətdə pak edəcəyəm”.

Həmin şəxs yuxudan ayılır, amma Bişrin əyyaş olduğunu bildiyi üçün yuxunu səhv sayır. Dəstəmaz alıb yatır, yenə həmin yuxunu görür. Hadisə üç dəfə təkrar olur.

Arif şəxs Bişrin evinə gedib onu soruşur. Deyirlər ki, filan evdə kef məclisindədir. Həmin şəxs o ünvana gəlir, içəri xəbər yollayır ki, Bişrə deyin, onun üçün xəbər gətiriblər. Bişr ayaqyalın halda qapıya gəlib soruşur: “Kimdən xəbər gətiriblər?” Adam cavab verir: “Allahdan”. Bişr ağlar halda soruşur: “Nəsihət xəbəridir ya cəza xəbəri?” Sonra dostlarının yanına qayıdıb onlarla sağollaşır: “Məni çağırdılar. Bir daha məni öz yanınızda görməzsiniz”.

Həmin gündən Bişr günahın daşını atır. Onun ləqəbi olan “hafi” sözünün mənası ayaqyalın deməkdir. Bişr tövbə etdiyi gündən ayağına çəkmə geyməmişdir. Səbəbini soruşanlara deyirdi ki, düz yola gəlmək barədə Allahdan dəvət alanda ayaqyalın idim, həmin halımı dəyişməyə utanıram. Həm də bütün yer üzü Allahın süfrəsidir, bu süfrənin üzərində ayaqqabı ilə gəzmək ədəbdən deyil.

Bişrin tövbəsi barədə şiə mənbələrində fərqli rəvayət də mövcuddur ki, həmin rəvayətdə İmam Musa Kazimin (ə) nəsihəti ilə tövbə etdiyi bildirilir. Bir gün İmam Kazim (ə) Bişrin evinin qarşısından keçəndə içəridən çal-çağır səsini eşidir. Bişr öz dostları ilə kef məclisi qurub əylənirdi. Bu zaman Bişrin kənizi həyətə çıxır. İmam Kazim (ə) kənizi səsləyib soruşur: “Bu evin sahibi azad adamdır ya bəndədir (kölədir)?” Kəniz cavab verir: “Azad adamdır”. İmam (ə) buyurur: “Doğru deyirsən. Əgər bəndə olsaydı, öz ağasının (yəni Allahın) əmrindən çlxmazdı”. Kəniz içəri qayıdanda Bişr çöldə kiminlə danışdığını ondan soruşur. Kəniz cavab verir ki, bir nurani adam mənə belə dedi. Bişr bu sözləri eşidən kimi ayaqyalın çölə qaçır və İmamın (ə) hüzurunda tövbə edir.


Yerləşdirilib:24 Yanvar, 2019, Baxılıb:1856, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com