“Fatihə” surəsinin təfsiri

İkinci ayə. Əlhəmdu lillahi rəbbil-aləmin

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html; http://az.islam.az/article/a-1012.html)

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: “Bəndə “əlhəmdu lillahi rəbbil-aləmin” deyəndə” Allah-Taala belə buyurar: “Bəndəm mənə həmd edir. Başa düşür ki, aldığı hər nemət Mənim tərəfimdən verilir. Hər bəlanı Öz mərhəmətimlə ondan uzaqlaşdıran da Mənəm. Ey mələklər, şahid olun ki, bu bəndəmə verdiyim dünya nemətlərinin üzərinə axirət nemətlərini də əlavə edirəm. Dünya bəlalarını da ondan uzaqlaşdırıram” (Şeyx Səduq. Əmali, məclis 33, hədis 1).

Qurani-Kərimdə “həmidə” feilindən qaynaqlanan sözlər 68 dəfə, “əl-həmd” kəlməsi isə 38 dəfə işlənmişdir. Müqəddəs Kitabın “Fatihə”dən əlavə daha dörd surəsi “əlhəmdu lillah” ifadəsi ilə başlayır: “Ənam” (6-cı surə), “Kəhf” (18-ci surə), “Səbə” (34-cü surə) və “Fatir” (35-ci surə).

Allah-Taalanın ən gözəl adlarından (əsmaül-hüsna) biri “Həmid”dir, Peyğəmbərimizin (s) adı “Mühəmməd”, ləqəbləri “Əhməd” və “Mahmud”dur. Bu adların hamısı “həmd” kökündəndir və həmd edilən obyektin dərəcələrini ifadə edir.

Lüğət alimləri qeyd etmişlər ki, ərəb dilində tərif və razılıq məqsədi ilə üç söz işlədilir: “mədh”, “şükür” və “həmd”.

Mədh – hər hansı canlını və ya cansız cismi tərifləyib öymək deməkdir. Mədh olunan obyektin mədhə layiq hərəkət etməsi həm ixtiyari, həm də qeyri-ixtiyari ola bilər. Məsələn, insanın gözəl şəkillər çəkməsi ixtiyari sifətdir. İnsan bu qabiliyyəti öz zəhməti ilə qazanır. Lakin Günəşin parlaqlığı, mirvari dənəsinin saflığı, bir nəfərin zahiri gözəlliyi qeyri-ixtiyaridir və onların özündən asılı deyil.

“Şükür” sözü isə müəyyən yaxşılıq və mənfəət müqabilində edilən minnətdarlığı bildirir. Yəni kimsə insana yaxşılıq edib fayda verməlidir ki, insan ona şükür etsin. Deməli, şükür razılıq cavabıdır, müsbət reaksiyadır (dilimizdəki “təşəkkür” sözü də bu mənanı bildirir).

“Həmd” kəlməsi bunların hər ikisindən daha uca bir məfhumdur. Bir obyekt o zaman həmdə layiq olur ki, tərifəlayiq hərəkəti öz istəyi əsasında həyata keçirsin. Cansız və ixtiyarsız cisimlərə həmd olunmaz. Həmçinin, şükürdən fərqli olaraq, bir kəsin başqasına həmd etməsi üçün ondan şəxsi mənfəət əldə etməsi şərt deyil. Həmd təmənnasız tərifdir, vicdanın təhriki ilə və agahlıq əsasında yerinə yetirilir. İnsan heç üzünü görmədiyi, görsə də, şəxsi mənfəət almadığı bir şəxsin yaxşı əməllərini eşidib ona tərif deyirsə, onu həmd etmiş sayılır.

Həmdi mədhdən fərqləndirən cəhətlərdən biri də budur ki, mədhin səbəbi həm zahiri gözəllik, həm də mənəvi zənginlik ola bilər. Yəni insanı həm sifətinin qəşəngliyinə, boyunun ucalığına, bədəninin mütənasibliyinə görə, həm də elminə, bacarığına, səxavətinə, imanına görə mədh etmək olar. Lakin həmd yalnız mənəvi gözəlliyə, əxlaqi kamilliyə görə edilir. Obyektin batini aləmi, hərəkətləri və xasiyyəti onu həmd olunmağa layiqli edir. Bu səbəbdən təfsir və lüğət alimləri demişlər: Hər bir həmd özü-özlüyündə mədhdir, amma hər mədh isə həmd sayılmaz. Öz növbəsində, hər bir şükür həmddir, amma hər bir həmd şükür deyil (Çünki yuxarıda dediyimiz kimi, şükür yalnız təmənnalı, həmd isə həm təmənnalı, həm də təmənnasız razılıqdır).

(bax: Rağib İsfahani. Əl-Müfrədat, 1-ci cild, səh. 541;

Ayətullah Seyyid Əbülqasim Xoyi. Əl-Bəyan təfsiri, 2-ci cild, səh. 774;

Seyyid Mustafa Dəşti. Məarif və məariyf, 4-cü cild, səh. 659;

“Təfsiri-nümunə”, 1-ci cild, səh. 28).

Təfsir edilən ayədə Allah-Taala həmd olunmaq sifətini Özünə aid etmiş və “həmd aləmlərin rəbbi olan Allaha məxsusdur” buyurmuşdur. İslam alimlərinin əqidəsincə, əsil və vasitəsiz həmdə yalnız Allah-Taala layiqdir.

Allahdan başqa heç kim dolğun və mütləq həmdə layiq ola bilməz. Hətta başqalarına edilən həmdlər də son mənada Allahın müqəddəs zatına qayıdır.


Yerləşdirilib:18 Yanvar, 2019, Baxılıb:1441, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com