Qəlblər Allahın zikri ilə aramlıq tapar

Birinci hissə

Dilimizə ərəbcədən tərcüməsi “xatırlamaq” mənasını verən zikr bəndənin həmişə Allahmərkəzli düşüncədə olması, Rəbbin mövcudluğunu duyması və bundan zövq alması deməkdir. Zikr irfanda ən dəhşətli mənəvi bəlalardan sayılan qəflətin ziddidir.

Qurani-Kərimdə Allahı çox zikr etmək insanlara əmr olunur: “Ey iman gətirənlər! Allahı çox zikr edin!” (Əhzab, 41). Möminin sifətlərindən biri də budur ki, hər an və hər vəziyyətdə Allahı zikr etsin: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali-İmran, 191).

Zikr insanı mənəvi cəhətdən rahatladır, ona arxayınlıq və güvən bəxş edir: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar” (Rəd, 28).

Allahı zikr etmək yalnız dil ilə məhdudlaşmır. Dildə zikr etmək zikrin aşağı həddidir. Dil ilə yanaşı insanın qəlbi də Allahı zikr etməlidir. Əks halda bu zikrin faydası azdır.

Məşhur əxlaq kitablarından olan “Merac əl-səadət” kitabında yazılıb ki, şeytanın vəsvəsələrini dəf edən və nəfsin istəklərinə mane olan zikr məhz qəlbin zikridir. Dil ilə edilmiş zikrin müəyyən savabı olsa da, şeytanın ordusuna qarşı mübarizədə gücsüzdür. Dilin zikri qəlbin zikri ilə birləşdikdə bütövləşir.

Dilin zikri qəlbdən qüvvət almalıdır. Əgər qəlbin zikrdən xəbəri yoxdursa, bu, boş danışıqdan başqa bir şey deyil. İmam Əli ibn Əbutalib (ə) buyurmuşdur: “Zikr nə dilin adət etdiyi dəblərdən biri, nə də fikrin (düşüncənin) yollarından biridir. Onun birinci tərəfi zikr olunan (yəni Allah), ikinci tərəfi isə zikr edəndir (yəni bəndədir)” (Ğürər əl-hikəm, səh. 236-237, 2091-ci kəlam).  Yəni bəndə Allah-Taalanı öz qəlbi ilə hiss etməsə həqiqi zikrə nail ola bilməz. Hər şeydən öncə, bəndə kimin adını zikr etdiyini bütün qəlbi ilə duymalıdır. Burada qəlbin halı da mühüm rol oynayır. Qəflətdə olan, təmizlənməyə cəhd etməyən, rəzalət yuvasına çevrilən, tənbəl qəlbin zikri fayda verməz, bu zikri bəndə özü deyib özü  eşidər.

İnsan Allahı həmişə xatırladığını öz əməlləri ilə göstərməlidr. Əsl zikr budur ki, insan həmişə özünü Yaradanın hüzurunda görsün, həm niyyət, həm söz, həm də əməllərini bu düşüncəyə tabe etdirsin. Həzrət Mühəmməd Peyğəmbər (s) öz səhabəsi Əbuzərə belə vəsiyyət etmişdi: “Hər kim Allaha itaət etsə, Allahı zikr etmişdir; hətta namazı, orucu və (Quran) oxumağı az olsa belə. Hər kim Allaha asi olsa, Allahı unutmuşdur; hətta namazı, orucu və (Quran) oxumağı çox olsa belə” (Bihar əl-ənvar, 93-cü cild, səh. 156).

İmam Əli (ə) dilin zikri ilə qəlbin zikrinin vəhdətini vəsf edərək buyurmuşdur: “Hər cür nöqsandan uzaq olan Allahı yanlış şəkildə zikr etmə! Hədər işlərə baş qarışdırmaqla Onu unutma! Onu elə kamil şəkildə zikr et ki, bu zaman qəlbin də dilinə müvafiq olsun, batinin də zahirinə uyğun gəlsin. Sən özünü zikrdə unutmayınca və öz hərəkətində özünü itirməyincə zikrin həqiqətinə çata bilməzsən” (Ğürər əl-hikəm, səh. 239, 10.359-cu kəlam).

Zikr məfhumu təsəvvüf və irfan aləmində də xüsusi önəm daşıyır. Zikrin iki növü vardır: cəli (aşkar) və xəfi (gizli). Zikri-cəli dillə, zikri-xəfi qəlblə edilir.

Cəlaləddin Rumi “Məsnəvi”də zikr barəsində yazır:

“Zikr söylə ki, fikir yüksəklərə üz tutsun,

Zikr söyləmək fikri ucaldar, aliləşdirər.

Haqqın zikri pakdır, paklıq gələndə

Çirkinlik yığışıb aradan çıxar.

Pak ad (Allahın adı) ağıza gələndə

Nə çirkinlik, nə də ağız qalar...”


Yerləşdirilib:9 Yanvar, 2019, Baxılıb:1968, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com