Yeddi məşhur Quran qaresi kimlərdən ibarətdir?

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-1016.html)

Birinci qare

Yeddi qarenin birincisi Abdullah ibn Amir Diməşqi (vəf. 736) bir çox səhabədən Quran qiraətini öyrənmiş, Diməşq şəhərində məskunlaşmışdı. Səhabə Əbu Dərda vəfat etdikdən sonra Şam vilayətinin ən məşhur Quran qa-resi Abdullah oldu. O, Diməşq məscidinin imam-camaatı, bu vilayətin qazısı idi.

Raviləri

Abdullah ibn Amirin birinci ravisi Hişam ibn Əmmar (vəf. 859-860) həm də gözəl natiq kimi tanınırdı. Öz dediyinə görə, 20 il ərzin¬də bir dəfə də olsa, əvvəllər oxuduğu xütbə¬ni təkrar etməyib, həmişə yeni xütbə söyləyibmiş. Bununla belə, Hişamın barəsində alimlərin fikirləri ziddiyyətlidir. Bəziləri onu tərifləmiş, bəziləri isə ədalətsizdir deyə, tənqid etmişlər.

İbn Amir Diməşqinin ikinci ravisi İbn Zəkvan (vəf. 856-857) öz dövrünün ən mahir Quran bilicilərindən sayılır, Diməşq came məscidində cümə günlərindən başqa həftənin bütün günlərində camaat na¬mazlarına imamlıq edirdi.

***

İkinci qare

İkinci məşhur qare Abdullah ibn Kəsir Məkkinin (vəf. 738) əsli iranlı idi. O, məşhur səhabələrdən Ənəs ibn Malik və Abdullah ibn Zübeyrlə daha çox ünsiyyətdə olmuşdu. Buxari və Müslim öz Səhihlərində Abdullah ibn Kəsirin rəvayət etdiyi hədisləri də yerləşdirmişlər.

Raviləri

İbn Kəsirin birinci ravisi Əhməd ibn Mühəmməd Bizzi (vəf. 864) əslən İranın Həmədan şəhərindən olub, Məkkədəki Məscidül-həramda müəzzinlik edirdi.

İkinci ravi Mühəmməd ibn Əbdürrəhman Qunbul də Məkkədə yaşayırdı. Ömrünün sonlarına yaxın Qunbul Məkkənin darğası vəzifə¬sinə təyinat almışdı (vəf. 904).

***

Üçüncü qare

Yeddi məşhur qarenin üçüncüsü olan Asim ibn Əbün-Nücud Kufinin (vəf. 744-745) qiraəti hal-hazırda müsəlman aləmində ən geniş yayılmış qiraət hesab olunur və dünyanın əksər ölkələrində nəşr olunan Quran nüsxələri onun qiraət qaydalarına əsaslanır. Asim qiraət üslubunu müəllimi Əbu Əbdürrəhman Süləmi vasitəsilə Imam Əlidən (ə) mənimsəmişdir. Həmçinin, o, Abdullah ibn Məsudun şagirdi Zərr ibn Hübeyşin də şagirdi olmuşdur. Beləliklə, Asim həm İmam Əlinin (ə), həm də İbn Məsudun qiraətindən faydalanmışdır.

Raviləri

Asimin ravilərindən biri olan Həfs ibn Süleyman Əsədi Kufini öz müəllimi Asimin ögey oğlu hesab edirlər (vəf. 796-797).

İkinci ravi Əbu Bəkr Şöbə ibn Əyyaş Əsədi Kufi (vəf. 809) isə qiraətdə üstünlüyü ilə yanaşı, hədis sahəsində çox səhv etməsi ilə məşhurdur.

***

Dördüncü qare

Yeddi qarenin dördüncüsü Əbu Əmr Zəbban ibn Əla Bəsri (vəf. 771) əslən iranlı idi. O, qarelər içində müəllimlərinin sayının çox¬luğu ilə seçilir. Əbu Əmr Məkkə, Mədinə, Kufə və Bəsrə şəhərlərində müxtəlif Quran bilicilərindən dərs almışdı. Hicri V əsrə kimi Şam vilayətində Abdullah ibn Amir Diməşqinin qiraəti hakim idi. Lakin həmin əsrdən etibarən, Əbu Əmrin qiraət məktəbi Şamda sürətlə yayılaraq, digər qiraət üslublarını sıxışdırdı.

Raviləri

İki ravi onun qiraət üslubunu yaşat¬mışdır. Ravilərin birincisi Həfs ibn Əmr Duri Əzdi (vəf. 860-861) qiraət elmi barədə bilikləri toplamağa başlayan ilk şəxsdir.

İkinci ravi Əbu Şüeyb Saleh ibn Ziyad Susi isə İranın Şuş şəhərindən idi. Tarix kitablarında onu etibarlı hədis rəvayətçisi kimi də səciyyələndirirlər (vəf. 874).

***

Beşinci qare

Beşinci məşhur qare Əbu Əmmarə Həmzə ibn Həbib Zəyyat Kufi (vəf. 773) də əslən iranlı idi. Həmzəni İmam Cəfər Sadiqin (ə) şagirdlərindən hesab edirlər.

Raviləri

Həmzənin qiraət məktəbini də iki ravi davam etdirmişdir. Bunların birincisi Əbu Mühəmməd Xələf ibn Hişam Əsədi (vəf. 843-844) on yaşında bütün Quranı əzbər bilirdi, 13 yaşından qiraətlə məşğul olmağa başlamışdı, Bağdadda yaşayırdı.

İkinci ravi Əbu İsa Xəllad ibn Xalid Şeybani (vəf. 835) isə Kufədə ömür sürürdü.



Yerləşdirilib:4 Yanvar, 2019, Baxılıb:1790, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com