İmam Həsən Əsgərinin (ə) həyatına qısa baxış

Mövludunun ildönümü münasibətilə

İmam Həsən Əsgəri (ə) 12 imam şiələrinin on birinci imamıdır. Atası – onuncu imam Əli Nəqi (ə), anası – Susən və ya Hüdeysə adlı qadındır. Hicri 232-ci il rəbi əl-sani ayının 8-də (miladi təqvimlə 846-cı il) Mədinədə doğulmuşdur. Bəzi mənbələrdə Samirrada doğulduğu yazılsa da, atası İmam Nəqinin (ə) Samirraya gətirilməsinin bundan sonraya təsadüf etdiyini nəzərə alsaq, XI imamın Mədinədə dünyaya gəldiyi barədə rəvayət daha düzgün görünür. Əsas ləqəbləri “Əsgəri” (Samirranın hərbçilər məhəlləsində saxlandığına görə) və “Zəki”dir (pak, təmiz).

Kiçik yaşlarında atası ilə birlikdə Mədinədən Samirraya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, təqribən 22 yaşında ikən imamət vəzifəsini öhdəyə aldı və 6 il bu məsuliyyəti daşıdı. İmamın qardaşı Cəfər ibn Əli də özünü imam sayır və Abbasilər tərəfindən dəstəklənirdi. Lakin İmam Əsgəri (ə) ilə müqayisədə cılızlığı aşkara çıxdıqdan sonra ona “kəzzab” (yalançı) ləqəbi verdilər.

İmam Həsən Əsgərinin (ə) imamət dövrü Əhli-beyt tərəfdarları üçün çox ağır bir zamana təsadüf etmişdir. Həm Abbasi xəlifələrinə tabe olan ərazilərdə qiyamlar baş verir, həm də saray intriqaları şiddətlənirdi (xilafətin türk əsilli məşhur sərkərdələri Buğa əl-səğir, Saleh ibn Vəsif, Bayıkbəy qətlə yetirildilər, xəlifə Mütəzz istefa verib öldürüldü, daha sonra xəlifə Mühtədi qətl edildi, Mosulda xəvaric qiyam qaldırdı, Fələstin, Fars, Bəsrə, Təbəristan vilayətlərində üsyanlar qalxdı, Sahib əl-zincin başçılıq etdiyi zənci qiyamı xilafət ərazisini bürüdü, Səffarilər dövləti yarandı, Misirdə Tulunilər sülaləsi hakimiyyətə tabe olmaqdan boyun qaçırdı və s).

Belə bir şəraitdə hakimiyyətin Əhli-beytdən qorxusu daha da çoxalırdı. Xəlifə Mühtədinin bir ildən də az sürən hakimiyyəti dövründə (hicri 255-256-cı illər) Bəni-Haşimdən olan xeyli seyyid dövlət adamları və valilər tərəfindən tutulub Samirəyə gətirilmiş, burada həbs olunmuşdu. Əbül-Fərəc İsfahani “Məqatil-əl-talibiyyin” kitabında 15 nəfərə yaxın seyyidin adlarını qeyd edir.

Böyük nüfuza malik olan İmam Əsgəri (ə) həmişə xəlifə üçün əsas təhlükə olaraq qalırdı. Buna görə də İmam Əsgərinin (ə) müasiri olan Abbasi xəlifəsi Mütəmid (870-892) onu aradan götürmək qərarına gəldi. Hicri 260-cı il rəbiül-əvvəl ayının 8-də (miladi 874-cü ilin yanvarı) xəlifənin göstərişi ilə İmam Əsgərini (ə) zəhərləyib şəhid etdilər. O həzrətin qüsl və kəfən mərasimini sadiq tərəfdarı Əbu Əmr Osman ibn Səid (İmam Mehdinin (ə) ilk naibi) həyata keçirdi. İmam Əsgərinin (ə) cənazə namazını isə 5 yaşlı oğlu, sonralar gözlərdən itib qeybə çəkilmiş XII imam Həzrət Mehdi (ə) qıldı. İmam Əsgərini (ə) Samirrada, atası İmam Nəqinin (ə) qəbrinin yanında torpağa tapşırdılar.

İmam Həsən Əsgəridən (ə) dərs almış və hədis rəvayət etmiş şəxslərin bir çoxu məşhur din alimləridir. Bunlardan aşağıda adları çəkilənlər daha çox tanınmışlar: “Qürb əl-isnad” kitabının müəllifi Əbül-Abbas Abdullah ibn Cəfər Himyəri, “Bəsair əl-dərəcat” kitabının müəllifi Əbül-Qasim Səd ibn Abdullah Əşəri Qummi, Şeyx Səduqun müəllimi Əbu Cəfər Mühəmməd ibn Həsən Səffar Qummi, böyük şiə alimi Əbu Səhl İsmail ibn Əli Novbəxti, Əbu Əli Əhməd ibn İshaq Əşəri və başqaları.

Şiə aləmində məşhur olan bir natamam təfsirin İmam Həsən Əsgəriyə (ə) aid olduğu rəvayət edilir. Bütövlükdə “Fatihə” surəsini və “Bəqərə” surəsinin bir çox ayələrini əhatə edən bu kitab İmamın diqtəsi ilə şagirdlərindən biri tərəfindən qələmə alınmışdır. Təfsirin İmam Əsgəriyə (ə) mənsub olması barədə fikirlər müxtəlifdir. Son dövrün bəzi tədqiqatçıları bu təfsirin İmama aid olması fikrinə şübhə ilə yanaşırlar.



Yerləşdirilib:16 Dekabr, 2018, Baxılıb:1796, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com