“Fatihə” surəsini təfsiri

Beşinci hissə. “Bismillahir-Rəhmanir-Rəhim”

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html)

Rəhim

“Rəhim” kəlməsi ərəb dilində “fəil” babına tabedir. Bu babda olan sözlər, onlara məxsus sifətin daimi, spesifik və qaları olmasını ifadə edir. Məsələn, ərəb dilində “qüdrətli” mənasını ifadə etmək üçün həm “qadir”, həm də “qədir” sözü işlənə bilər. Bu iki sözün fərqi odur ki, “qadir” kəlməsi əşyanın müəyyən zaman anında qüdrətə malik olduğunu bildirir və qüdrətin iktisabi (qazanılan) olduğunu bəyan edir. Halbuki, “qədir” kəlməsi qüdrət sifətinin həmişə olduğunu və gələcəkdə də olacağını xəbər verir. Qadir şəxsin bir zamanlar qüdrətli olmaması mümkündür. Lakin qədir həmişə qüdrətlidir, onun qüdrəti sonradan qazanılma deyil, öz zatındadır.

Yaxud “salim” sözü obyektin hal-hazırda salamat olduğunu bildirir. “Səlim” sözü isə onun zatən salamat olduğunu və salamatlıq xüsusiyyətinin ondan ayrılmazlığını ifadə edir.

Beləliklə, “Rəhim” adı Allahın mərhəmətinin sonradan qazanılma deyil, zati olduğunu bəyan edir. Allah həmişə mərhəmətli olmuş və olacaqdır. Onun mərhəmətsiz vaxtı təsəvvür edilə bilməz. Onun mərhəməti heç vaxt tükənməyəcək: “Allah hər şeyin məbududur. O, bütün yaratdıqlarına qarşı Rəhmandır və yalnız möminlərə qarşı Rəhimdir” (Üsul əl-Kafi, Tövhid kitabı, 16-cı bab, hədis 1; Şeyx Səduq. Məani-l-əxbar, səh.3).

Alimlərin fikrincə, Allah bu dünyada bütün məxluqata qarşı Rəhman olsa da, Onun Rəhimliyi, yəni mərhəmətinin əbədiliyi yalnız möminlərə şamildir. Kafirlər Allahın Rəhman sifətindən faydalansalar da, Rəhim sifətinin nemətlərindən məhrumdurlar. Onlara göstərilən ilahi mərhəmət məhduddur, müvəqqətidir, qiyamət günündə ədalət məhkəməsi qurulduqdan sonra bu ilahi mərhəmət sona çatacaq və onun yerini ilahi əzab tutacaq (Seyyid Xoyi. Əl-Bəyan, 2-ci cild, səh. 746). Həzrət Muhəmməd Peyğəmbərin (s) dilindən rəvayət ediblər ki, Həzrət İsa (ə) buyurmuşdur: “Rəhman – dünyada rəhmandır, Rəhim – axirətdə rəhimdir” (Nur əl-səqəleyn təfsiri, hədis 53).

Ayənin irfani məna aləmi

Hədislərdə “bismillah”ın irfani izahı barədə də məlumatlar verilmişdir. İmam Cəfər Sadiq (ə) bu kəlmənin hərflərinin simvolik irfani mənalarını belə bəyan etmişdir: “Ba hərfi Allahın gözəlliyinə (bəhaullah), sin hərfi Allahın nuruna (sənaullah), mim hərfi isə Allahın böyüklüyünə işarədir (məcdullah, bəzi hədislərdə axırıncı hərf Allahın mülkü (mülküllah) kimi izah olunub)” (Şeyx Səduq. Məani-l-əxbar, səh. 3).

Ariflər deyiblər ki, Quranın bütün cövhəri “Fatihə” surəsində toplanıb. “Fatihə”nin bütün mənası “Bismillahir-Rəhmanir-Rəhim” ayəsindədir. Ayənin bütün məna və məzmunu “bism” kəlməsindədir. “Bism”in cövhəri “ba” hərfində, “ba”nın cövhəri isə onun altındakı nöqtədə gizlənib. Möminlərin əmiri və ariflərin imamı Həzrət Əli əleyhissalam buyururdu ki, mən “bismillah”dakı “ba”nın altında olan nöqtəyəm. Bununla Əli (ə) Allah yanında malik olduğu məqamı və varlıq aləmindəki mövqeyini bəyan edirdi (Şeyx Süleyman Qunduzi Hənəfi. Yənabi əl-məvəddə, 1-ci cild, səh. 213).

İmam Rza (ə) buyurmuşdur ki, “Bismillahir-Rəhmanir-Rəhim” ayəsinin ismi-əzəmə yaxınlığı göz bəbəyinin gözə yaxınlığından daha artıqdır (Nur əl-səqəleyn təfsiri, hədis 25).

Hürufilərin sələfi sayılan Əbül-Abbas Buni isə iddia edirdi ki, İsa Peyğəmbər (ə) “Bismillahir-Rəhmanir-Rəhim” ayəsini oxumaqla möcüzələr göstərirmiş və bu ayə elə ismi-əzəmin özüdür (K.M.Şeybi. Şiəlik və sufilik, səh. 186).

Allahın sonsuz mərhəmətinin sübutlarından biri də budur ki, Qurani-Kərim Yaradanın “Cəbbar”, “Qəhhar” (yəni zalımlara əziyyət verən) kimi adları ilə deyil, “Rəhman” və “Rəhim” adları ilə açılır. İnsan Quranı açıb ilk ayəni oxuduqda qəlbi Allahın mərhəmətinə ümidlə dolur və bu, ona rahatlıq, arxayınlıq verir. Eyni zamanda insan axirətdə Allahın mərhəmətindən faydalanmaq istədiyi üçün imanlı həyat tərzi sürməyə, ilahi qanunlara riayət etməyə çalışır.

Maraq doğuran suallardan biri də budur ki, niyə “Bismillahir-Rəhmanir-Rəhim” ayəsində əvvəlcə “Rəhman”, sonra “Rəhim” adı xatırlanır, bu ardıcıllığın mənası nədir?

Bu sualın bir neçə cavabı vardır:

Əvvəla, “Rəhman” Allahın xüsusi adı olduğu üçün ümumi addan (“Rəhim”dən) öndə gəlir.

İkincisi, Allahın rəhmanlığı hamıya, rəhimliyi isə yalnız möminlərə şamil olduğu üçün birinci ad əvvəldə gəlir.

Üçüncüsü, Rəhman bu dünyada, Rəhim isə axirətdə mərhəmətlidir. Dünya axirətdən əvvəl olduğu üçün “Rəhman” kəlməsi “Rəhim” adından irəlidədir.

Dördüncüsü, həlledici və ən lazımlı mərhəmət axirətə məxsusdur, ona görə “Rəhim” adı sonda gəlir.


Yerləşdirilib:5 Dekabr, 2018, Baxılıb:1205, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com