“Fatihə” surəsini təfsiri

Dördüncü hissə. “Bismillahir-Rəhmanir-Rəhim”

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html)

Rəhman

“Rəhman” və “Rəhim” sözlərinin hər ikisi “rəhm” kökündən olsalar da, fərqli mənalara malikdir. Əks halda, onların hər ikisinin eyni ayədə işlənməsi məntiqsiz olardı.

Bəzi təfsirçilərin fikrincə, “Rəhman” adı Allahın bu dünyada, “Rəhim” adı isə axirətdə mərhəmətli olmasını ifadə edir. Digər nəzəriyyəyə görə, “Rəhman” adı Allahın hamıya (istisnasız olaraq), “Rəhim” adı isə yalnız möminlərə münasibətdə mərhəmətli olduğunu göstərir (bax: Təbəri təfsiri).

Lüğət kitablarında daha bir nəzəriyyəyə rast gəlirik: “Allahın mərhəməti iki cürdür. Bunlardan biri “Rəhman” adlanır və o, Allahın dünyanı, bəşər növünü yoxdan var etməsidir. İkinci isə “Rəhim”dir, yəni Allah-Taalanın varlıq aləminə verdiyi həyat bəxşişini daimi saxlaması və kamil etməsidir” (A.Ş.Mehrin. Quran kəlmələrinin kamil lüğəti, səh. 197). Göründüyü kimi, burada “Xaliq” və “Rəbb” adları ilə bənzərlik vardır.

Mərhum Ayətullahül-üzma Seyyid Əbülqasim Xoyi “Fatihə” surəsinə yazdığı təfsirdə daha əhatəli və dərin mənalı nəzəriyyə ilə çıxış etmişdir: “Müfəssirlərin əksəriyyəti və dilçilərin bir qismi demişlər ki, “Rəhman” sözü rəhmətin (mərhəmətin) mübaliğə formasıdır... Bu, həmin anlayışın ümumiliyini, əhatəliliyini və bütövlüyünü bildirir; sübut edir ki, Allahın rəhməti bütün yaradılmışları əhatə edir. Buna görə Quranın heç bir ayəsində deyilmir ki, Allah insanlara yaxud möminlərə münasibətdə Rəhmandır. “Rəhman” kəlməsi heç zaman insan növü ilə, möminlərlə yaxud hər hansı başqa qrupla məhdudlaşmır” (Ayətullahül-üzma Seyyid Əbülqasim Xoyi. Əl-Bəyan, 2-ci cild, səh. 742).

Həqiqətən, Allah-Taala bütün yaratdıqlarına nisbətdə Rəhmandır. Günəş istiliyindən, havadan, sudan həm bitkilər, həm heyvanlar, həm də insanlar bərabər surətdə faydalanırlar. Allah məxluqatın hamısı üçün ayrı-ayrılıqda ruzi yetirir. Bu dünyada hətta kafirlər də Allahın rəhmətindən məhrum deyillər. Onlar da möminlərlə yanaşı dünya nemətlərindən istifadə edirlər. Bu, belə də olmalıdır. Axı, Allah-Taala öz yaratdıqlarına münasibətdə zalım ola bilməz, onları taleyin ixtiyarına özbaşına buraxmaz. Allah kafirlərə də mərhəmət göstərməklə onlara öz səhvlərini başa düşmək, haqqı görmək və tövbə etmək şansı verir.

Qeyd etmək lazımdır ki, Allah-Taalaya məxsus 99 ən gözəl addan ikisi istisna edilməklə, hamısı Allahın qeyri-məxsusi, ümumi adları hesab olunur. Bu adları daşımaqda insanlar Allaha şərik ola bilərlər. Yəni insana Qadir, Kərim, Lətif, Cabbar və s. adların verilməsinin eybi yoxdur. Yalnız iki ad – Allah və Rəhman adları Yaradanındır və Ondan başqa heç kəs bu iki ada sahib olmağa layiq deyildir. Buna görə insana Allah və Rəhman adlarının qoyulması haramdır (Ayətullah Dəstğeyb. Qurandan bilgilər, səh. 42).

Əgər bu adlar insana verilərsə, mütləq əvvəlinə “əbd” kəlməsi artırılmalı, yəni “Əbdullah” (Allahın bəndəsi) və “Əbdürrəhman” (Rəhmanın bəndəsi) şəklinə salınmalıdır.

“Rəhman” adının yalnız Allaha olmasının sübutu Qurani-Kərimin mübarək ayələridir. Müqəddəs Kitabımızda Yaradan həm “Allah”, həm də “Rəhman” adları ilə vəsf edilir.

Məsələn:

“Söylə: istər Allahı çağırın, istərsə də Rəhmanı; gözəl Adlar Onundur” (İsra, 110).

“Rəhmanla əhd bağlayanlardan başqa heç kimə qiyamətdə şəfaət olunmayacaq” (Məryəm, 87).

“Rəhmana yaraşmaz ki, Özünə övlad götürsün” (Məryəm, 92).

“Bu, Rəhmanın vədidir və elçilər (peyğəmbərlər) düz deyirdilər” (Yasin, 52).

Həzrət İmam Cəfər Sadiq (ə) bu barədə buyurmuşdur: “Rəhman ümumilik sifətinə malik (yəni bütün canlılara mərhəmətli) xüsusi addır. Rəhim isə xüsusilik sifətinə malik (yəni yalnız möminlərə münasibətdə mərhəmətli) ümumi addır” (Nur əl-səqəleyn təfsiri, “Fatihə” surəsi, hədis 54).


Yerləşdirilib:29 Noyabr, 2018, Baxılıb:1255, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com