Həzrət Muhəmməd Peyğəmbərin (s) hədislərindən seçmələr

Mövludu münasibətilə

“İnsanları kimlə oturub-durmalarından tanıyın. Çünki hər kəs öz tayı ilə yoldaşlıq edər”.

(Mən la yəhzuruh əl-fəqih, 4-cü cild, səh. 396).

“Allahı çağırın və duanızı müstəcab edəcəyinə yəqin inanın. Bilin ki, Allah qafil və laqeyd qəlbin duasını müstəcab etməz”.

(Bihar əl-ənvar, 90-cı cild, səh. 321).

“Sizlərdən biri müsəlmanlar arasında qəzavət (hakimlik) etməli olsa, bunu qəzəbli halda etməsin. Gərək tərəflərə baxanda, onlara oturmaq üçün yer təklif edəndə və onlara işarə (müraciət) edəndə aralarında fərq qoymasın”.

(Nəhc əl-fəsahə, səh. 176).

“Allah öz bəndəsini sevəndə onu dünyadan (dünyanın fitnələrindən) qoruyar, necə ki, siz öz xəstələrinizi su içməkdən (zərərli olduğu üçün) qoruyursunuz”.

(Nəhc əl-fəsahə, səh. 179).

“Ümmətimin nəfsə uymasından və mənasız arzulara aludə olmasından hər şeydən daha artıq qorxuram”.

(Şeyx Səduq. Xisal, səh. 51).

“Allahın bəndələri içində Allahın ən çox sevdiyi şəxs digər bəndələrə ən xeyirli olan şəxsdir”.

(Nəhc əl-fəsahə, səh. 169).

“Allahın dərgahında ən üstün süfrə o süfrədir ki, ətrafında daha çox adam əyləşmiş olsun”.

(Nəhc əl-fəsahə, səh. 169).

“Allahın hüzurunda ən gözəl əməl öz dilini qorumaqdır” (dili haram olan yalan, qeybət, söyüş, xəbərçilik və sairədən qorumaq nəzərdə tutulur).

(Nəhc əl-fəsahə, səh. 168).

“Allahın hüzurunda ən üstün əməl ac adamı doyuzdurmaq, onun borclarını ödəmək və çətinliyini həll etməkdir”.

(Nəhc əl-fəsahə, səh. 168).

“Allahın nəzdində ən üstün əməllər namazı vaxtında qılmaq, sonra valideynə yaxşılıq etmək, sonra isə Allah yolunda cihad etməkdir”.

(Nəhc əl-fəsahə, səh. 167).

“Allah iki günahın cəzasını bu dünyada verər: qudurğanlıq (həddi aşmaq) və ağvalideyn olmaq”.

(Nəhc əl-fəsahə, səh. 165).

“Məzlumun qarğışından qorxun, çünki onun qarşığı qığılcım kimi səmaya (Allahın dərgahına) gedər”.

(Nəhc əl-fəsahə, səh. 163).

“İbadət yetmiş hissədir, onun ən üstün hissəsi halal ruzi qazanmaqdır”.

(Müstədrək əl-Vəsail, 13-cü cild, səh. 12).

“Evinizin divarına haram daş qoymaqdan çəkinin ki, binanın sökülməsinə səbəb olar”.

(Nəhc əl-fəsahə, səh. 162).

“Hər kim öz müsəlman qardaşının abrını qorusa, şübhəsiz, cənnət ona vacib olar”.

(Şeyx Səduq. Səvab əl-əmal, səh. 145).


Yerləşdirilib:23 Noyabr, 2018, Baxılıb:1261, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com