Ümmətin əzəmətini özündə daşıyan şəxsiyyət

Həzrət Əbdülmüttəlibin vəfatının ildönümü münasibətilə

Həzrət Muhəmməd Peyğəmbərin (s) babası Əbdülmüttəlib Haşimilər soyunun banisi Haşim ibn Əbdi-mənafın oğludur. Əbdülmüttəlibin əsil adı Şeybə olmuşdur. Onun Əbdülmüttəlib adı ilə tanınmasının səbəbi barədə belə yazırlar:

Haşim Yəsribdə Bəni-Nəccar soyundan Səlma adlı qadınla evlənmişdi. Səlma Haşimə ərə getməzdən qabaq onun qarşısında bu şərti qoydu: övlad dünyaya gətirərkən öz şəhərində, qohumlarının yanında olmasına icazə verilsin. Buna görə də, Səlma qısa bir müddət Məkkədə – Haşimin evində yaşadı, amma hamiləlik əlamətləri görünəndə Yəsribə qayıtdı.

Haşim Şama ticarət səfəri zamanı Qəzzədə vəfat etdikdən sonra (miladi 510-cu il) onun səlahiyyətləri qardaşı Müttəlibə verildi (Müttəlib şafii məzhəbinin banisi Şafiinin ulu əcdadıdır). Bu zaman Şeybə anası ilə birlikdə Yəsribdə yaşayırdı.

Müttəlib qardaşı oğlunun varlığından xəbər tutan kimi Yəsribə gəldi, Səlmanı razı saldı ki, Şeybəni özü ilə birlikdə Məkkəyə aparmasına icazə versin. Deyirlər ki, Müttəlib Məkkəyə qayıdanda 8 yaşlı Şeybəni öz atının tərkinə almışdı. Ərəblər öz nökərlərini atın tərkində otuzdurduqları üçün Şeybəni də Müttəlibin köləsi hesab etdilər. O zamandan Şeybəyə “Əbdülmüttəlib”, yəni “Müttəlibin köləsi” deməyə başladılar. Başqa bir rəvayətə görə, Müttəlib Şeybəyə göz dəyməsindən qorxaraq, onu öz köləsi kimi təqdim etmişdi.

Əbdülmüttəlib böyüdükdən sonra atasının səlahiyyətlərini icra etməyə başladı. Qurumuş və yeri itmiş Zəmzəm quyusunu yenidən həyata qaytarmaq şərəfi də ona qismət oldu. Həzrət İsmailin (ə) yadigarı olan Zəmzəm bulağı uzun müddət Cürhüm qəbiləsinin ixtiyarında olmuşdu. Cürhümlülər Bəni-Xüzaə qəbiləsinin təcavüzü ilə üzləşəndə düşmənin əlinə keçməməsi üçün Zəmzəm quyusunun dibində iki qızıl ceyran heykəli və bahalı daş-qaşla işlənmiş bir neçə qılınc gizlətdilər, sonra quyunu torpaqla doldurdular. Bəni-Xüzaə qəbiləsi Məkkəyə sahib çıxdı, amma Zəmzəmin yerini tapmaq heç kimə nəsib olmadı. Haşimin babası Qüseyy ibn Kilab xüzaəliləri Məkkədən qovub hakimiyyəti yenə qüreyşilərə qaytardı. Amma Zəmzəm quyusunun yeri artıq çoxdan unudulmuşdu.

Məkkəlilər su sarıdan əziyyət çəkirdilər. Məkkədə şərəfli vəzifələrdən biri olan siqayə (camaata su vermək) səlahiyyətini daşıyan Əbdülmüttəlib şəhəri su ilə təmin etmək üçün var gücü ilə çalışırdı. O, Kəbənin yaxınlığında iri hovuzlar düzəltmişdi. Uzaq quyulardan gətirilən suyu dəvələrlə bura daşıyır və hovuzları doldururdu. Bununla belə, şəhərin içində su quyusuna ehtiyac var idi.

Əbdülmüttəlib Zəmzəm quyusunun yerini uzun müddət axtardıqdan sonra yuxuda ona bu yer göstərildi. O, həmin yeri qazmağa başladı, Məkkə böyüklərinin maneçiliyi ilə rastlaşsa da, fikrindən dönmədi. Ona bu işdə yeganə oğlu Haris kömək edirdi.

Əbdülmüttəlibin səyləri nəticəsində Zəmzəm quyusu torpağın əsarətindən xilas oldu. Əbdülmüttəlib quyunun dibində tapılan bahalı qılıncların hesabına Kəbə üçün qızıl qapı hazırladı, qızıl ceyran heykəllərini də bu qapılardan asdı...

Əbdülmüttəlibin övladlarının sayı və adı barədə məlumatlar arasında bəzi fərqlər vardır. Onun 5 və ya 6 qadınla evləndiyini, bunlardan 16, 17, 18 və ya 19 övlad sahibi olduğunu yazırlar. Qızlarının sayı 6, oğullarının sayı isə müxtəlif rəvayətlərə görə, 10, 11, 12, 13 və ya 14 olmuşdur.

Qızlarının adı Atikə, Bərrə, Ümeymə, Səfiyyə, Ümmül-Həkim Beyza və Ərvadır.

Oğullarının adı isə bəzi məlumatlara görə Haris, Zübeyr, Əbdülüzza (Əbu Ləhəb), Abdullah, Əbdi-mənaf (Əbu Talib), Həmzə, Abbas, Müqəvvim, Zirar, Ğeydaq, Qüsəm, Həcəl, Əbdülkəbədir (axırıncı 3 övlad kiçik yaşlarında ikən vəfat etmişlər).

Əbdülmüttəlibin oğulları arasında ən böyüyü Haris, ən kiçiyi Abbasdır. Həzrət Muhəmməd Peyğəmbərin (s) atası Abdullahla İmam Əlinin (ə) atası Əbu Talibin anası eyni qadındır (Fatimə bint Əmr).

Əbdülmüttəlib çox vüqarlı, nüfuzlu, səxavətli və cəsur bir insan idi. O, Məkkə əhalisinin, o cümlədən, hər il Kəbəni ziyarət etməyə gələn ərəblərin rahatlığı naminə əlindən gələni edir, bu yolda külli miqdarda vəsait xərcləyirdi.

Həzrət Muhəmməd Peyğəmbər (s) hələ doğulmazdan əvvəl atası Abdullah vəfat etdiyi üçün onun himayəsini babası Əbdülmüttəlib öz üzərinə götürmüşdü. Muhəmmədin (s) anası Aminə də vəfat etdikdən sonra uşaq bütünlükdə Əbdülmüttəlibin himayəsinə sığındı. Əbdülmüttəlib balaca Muhəmmədi (s) həddən artıq sevirdi. Deyirlər ki, o, gündüzlər Kəbənin kölgəsində yerə xalça sərib üzərində otururmuş. Heç kimin, hətta doğma oğullarının belə, onu əbəs yerə narahat etmək ixtiyarı yox idi. Yalnız balaca Muhəmməd (s) maneəsiz olaraq babasının yanına gəlir və onun nəvazişini hiss edirdi.

Bəziləri Əbdülmüttəlibin müşrik əqidəsi ilə dünyadan köçdüyünü iddia edir. Cəfəri əqidəsinə görə Peyğəmbərin bütün əcdadları kimi Əbdülmüttəlib də hənif inancında olmuş, bütlərə tapınmamışdı. Həmçinin, o, öz nəvəsinin gələcəkdə peyğəmbər olacağını qabaqcadan bilmiş və ona iman gətirmişdi. Əbdülmüttəlibin mömin olması barədə sübutlardan bəziləri aşağıdakılardan ibarətdir:

1. Həzrət Muhəmməd Peyğəmbər (s) buyurmuşdur: “Qiyamət günündə Əbdülmüttəlib vahid ümmət halında məhşərə gələcək, onda peyğəmbərlərin siması, hökmdarların heybəti olacaq” (Küleyni. Üsulül-Kafi, Hüccət kitabı, Rəsulüllahın doğumu və vəfatı babı, 22-ci hədis).

2. Həzrət Muhəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində buyurmuşdur: “Ey Əli! Əbdülmüttəlib cahiliyyə dövründə beş sünnə (dəb) qoymuşdu ki, İslam dini də bunları təsdiq etdi:

atanın arvadını oğula (başqa arvaddan  olan oğul nəzərdə tutulur) haram elan etdi;

xəzinə tapanda onun beşdən-birini sədəqə verdi;

Zəmzəm quyusunu qazıyandan sonra onu hacıların içməsi üçün vəqf etdi;

insan qətli üçün diyə (qanbahası) olaraq 100 dəvə verilməsini qərarlaşdırdı;

qüreyşilər Kəbənin ətrafında təvaf edərkən neçə dəfə dövrə vurmağın dəqiq sayını müəyyən etməmişdilər, Əbdülmüttəlib 7 dövrə vurmağı qanun qoydu.

Ya Əli! Əbdülmüttəlib əzlamla (fal oxları ilə) fala baxmamış, bülərə pərəstiş etməmiş, meyyitə (yəni Allah adı ilə kəsilməmiş heyvan əti) yeməmişdi; o deyirdi ki, mən babam İbrahimin (ə) dinindəyəm!” (Şeyx Səduqun “Xisal” və Şeyx Təbrisinin “Məkarimül-əxlaq” kitablarından).

3. İmam Əli (ə) buyurmuşdur: “Allaha and olsun ki, atam, babam Əbdülmüttəlib, Haşim və Əbdi-mənaf heç vaxt bütə pərəstiş etməmişlər”. Ondan soruşdular: “Bəs onlar nəyə pərəstiş edirdilər?” Həzrət Əli (ə) cavab verdi: “Onlar Kəbəyə sarı namaz qılırdılar və İbrahimin (ə) dinində idilər, bu dinə bağlanmışdılar” (Reyşəhri. Mövsuətü Əli ibn Əbi Talib, I, 63; Seyyid Haşim Bəhrani. Təfsirül-bürhan, III, 795).

4. Əbu Talib buyurmuşdur: “Atam Həzrət Muhəmmədin (s) peyğəmbərliyinin nişanələrini kitablarda (keçmiş ümmətlərin müqəddəs kitabları nəzərdə tutulur) oxumuşdu və deyirdi: “Mənim nəslimdə bir peyğəmbər olacaq. İstərdim ki, Onun zəmanəsində yaşayım və ona iman gətirim. Mənim övladlarımdan hər kim Onun zəmanəsində yaşasa, mütləq iman gətirsin!” (Seyyid ibn Tavusun “Təraif” kitabından).

Həzrət Muhəmməd Peyğəmbər (s) 8 yaşında ikən, ərəb təqvimi ilə rəbiül-əvvəl ayının 8-də Əbdülmüttəlib dünyasını dəyişdi (miladi 578-ci il). Onu Məkkə şəhərinin kənarındakı Həcun məntəqəsində, Cənnətül-müəlla adlandırılan məzarlıqda, babası Əbdimənafın və atası Haşimin qəbirlərinin yaxınlığında dəfn etdilər. 1925-ci ildə vəhhabilər bu məzarların üzərindəki türbələri yerlə-yeksan etmişlər.


Yerləşdirilib:16 Noyabr, 2018, Baxılıb:1196, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com