Fatihə surəsinin təfsiri

Üçüncü hissə. Allah

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html)

(Üçüncü hissə)

Allah-Taala  təsəvvürə gələn bütün gözəl ad və sifətlərin sahibidir. Onun adlarının sayı qeyri-məhduddur. Dini mətnlərdə Allahın adlarından bir çoxu xatırlanmışdır. Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən rəvayət edilən “Covşəni-kəbir” duası bu cəhətdən çox məşhurdur. Dua 100 hissədən ibarətdir, hər hissədə Allahın 10 adı sadalanır. Beləliklə, “Covşəni-kəbir” duasında üst-üstə Allahın 1000 gözəl adı çəkilir.

Allahın adlarından 99-u daha məşhurdur; bunları ümumilikdə “əsma əl-hüsna” (ən gözəl adlar) adlandırmışlar. Peyğəmbərimiz (s) buyurmuşdur: “Allahın 100-dən bir əskik (yəni 99) adı vardır” (Buxari. Əl-Came əl-səhih, Tovhid kitabı, 12-ci bab, hədis 22). İmam Cəfər Sadiq (ə) də Hişama xitabən buyurduğu hədisdə Allahın adlarının 99 olduğunu söyləmişdir (Şeyx Küleyni. Üsul əl-Kafi, Tovhid kitabı, 5-ci bab, hədis 2; Bihar əl-ənvar, 4-cü cild, səh. 186; Şeyx Səduq. Kitab əl-Tovhid və s). Qurani-Kərimdəki müvafiq məzmunlu ayələrin birində oxuyuruq: “Ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırın, Onun adlarını dananlardan əl çəkin; tezliklə öz əməllərinin cəzasına yetəcəklər” (Əraf, 180).

Allahın adlarından hər biri Onun sifət və xüsusiyyətlərindən birini ifadə edir. Məsələn, “Xaliq” adı Allahın yaradıcılıq sifətini, “Əlim” adı Onun sonsuz elmini, “Qədir” – hüdudsuz qüdrətini, “Bəsir” və “Səmi” – hər şeyi görüb eşitməsini, “Raziq” – məxluqata ruzi verməsini bildirir. Bu adların hamısı birtərəflidir, onların hər biri digərindən asılı olmayaraq müstəqil məna daşıyır.

Yalnız “Allah” adı Onun bütün sifətlərini əhatə edir və özündə birləşdirir. “Allah” kəlməsi Yaradanın bütün başqa adlarını əvəz etməyə qadirdir.

Deyilənlərin aydın olması üçün sadə bir misal gətirək. Aşağıda sadalanan sifətlərin hər biri insana aiddir və onun vücudunu xarakterizə edir: canlı, ikiayaqlı, nəfəs alan, yeyib-içən, artıb-çoxalan, doğulan, danışıb-eşidən, görən və s. Bu sifətlərin hər biri insana aid olsa da, ayrı-ayrılıqda götürüldükdə heç biri insanı hərtərəfli şəkildə xarakterizə etmir. Yəni bu sifətlərin heç biri digərlərini əvəz etməyə və obyekt (insan) barədə mükəmməl təsəvvür yaratmağa qadir deyil. Canlılıq xüsusiyyəti insanı heyvanlarla birləşdirir. Quşlar da insan kimi ikiayaqlıdır. Balıqlar da artıb-çoxalır. Cinlər də danışıb-eşidir. Mələklər də görür və s. Yalnız “insan” sözü vasitəsilə biz, haqqında danışılan obyekt barədə real təsəvvür almağa nail oluruq. Çünki insan adlanan varlıq yuxarıdakı xüsusiyətlərin hər birinə sahib olmalıdır. Lakin bu sifətlərdən birini və ya bir neçəsini daşıyan varlıq insan olmaya bilər. Deməli, “insan” kəlməsi həmin sifətlərin hamısını özündə birləşdirir və onları əvəz edir. Eləcə də, “Allah” kəlməsi “Qadir”, “Bəsir”, “Səmi”, “Əlim”, “Raziq” və s. sifətlərin məcmusunu özündə ehtiva edir.

Təfsir kitablarında “Allah” sözünün çoxlu mənaları verilmişdir. Məsələn:

a) Allah – bütün cəmal və cəlal sifətlərini Özündə birləşdirən zatdır.

b) Allah – sitayişə layiq olan yeganə məbuddur.

c) Allah – bəla və çətinliklər məngənəsinə düşmüş insanın pənah apardığı həqiqi yardımçıdır (Haşim Herisi. Quran məktəbində (təfsir dərsləri), səh. 13).

İmam Əlidən (ə) “Allah” sözünün mənasını soruşdular. Belə cavab verdi: “Allah Odur ki, bütün yaradılmışlar çətinlik və ehtiyac içində olarkən, hər şeydən ümidlərini üzüb hər kəslə rabitəni kəsər və yalnız Ona valeh olub özlərini unudarlar” (Ayətullah Əmini. Fatihət əl-Kitabın təfsiri, səh. 34).

İmam Musa Kazim (ə) “Allah” kəlməsinin mənası barədə buyurmuşdur: “O, hər xırda və böyük əşyanın sahibidir” (Əl-Kafi, Tovhid kitabı, 14-cü bab, hədis 3).

Morfoloji baxımdan “Allah” kəlməsinin mənasına gəlincə, bu barədə iki əsas nəzəriyyə mövcuddur:

1. Hişam ibn Həkəm adlı savadlı və imanlı səhabə İmam Cəfər Sadiqdən (ə) soruşdu: “Allah” adı hansı sözdən yaranıb və onun kökü nədir?”  İmam Sadiq (ə) cavab verdi: “Allah” adı “ilah” (pərəstiş olunan) kəlməsindən qaynaqlanır” (yux. mənbə, hədis 2).

2. Bəzi təfsirçilər, o cümlədən, mərhum Ayətullahül-üzma Seyyid Əbülqasim Xoyi bu fikirdədir ki, “Allah” adı ərəbcə həm “örtünmək, gizli qalmaq”, həm də “yüksəklik və ucalıq” mənalarını bildirən “lahə” kəlməsindən qaynaqlanır. Bu nəzəriyyəyə görə, Allah elə yüksək məqama malik uca zatdır ki, heç bir əskiklik Ona yol tapa bilməz. O, Öz sonsuz nişanələri (ayətləri) ilə tam aşkardır, eyni zamanda, insan gözündən gizli və bəşər ağlının dərketmə səviyyəsindən çox ucadır (Seyyid Xoyi. Əl-Bəyan fi təfsir əl-Quran, 2-ci cild, səh. 740).



Yerləşdirilib:15 Noyabr, 2018, Baxılıb:1299, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com