Dünyanın sirlərindən danışan kitab

Birinci hissə

Allah-Taalanın yaratdığı bütün məxluqat aləmi Onun hikmət və qüdrətini əks etdirir. Allah Öz sonsuz elmi əsasında hər varlığın mahiyyətini müəyyən etmiş, həmin varlığa bu mahiyyətə uyğun biçim vermişdir. İnsan bu varlıqlardan biri olmaq etibarilə ən yüksək məqamda durur. Ona öz ətrafındakı varlıqları dərk etmək, özünə tabe etmək və onlardan faydalanmaq qüdrəti verilmişdir. İnsan ətrafdakı canlı və cansız aləmi daim öyrənir, onların sirlərini kəşf edir. Amma bu aləmlər hələ də bir çox sirləri özündə daşıyır. Elm və texnika inkişaf etdikcə sirli məqamların bir qisminə aydınlıq gətirilir.

Varlıq aləminin maraqlı və qəribə xüsusiyyətlərini şərh edən ən gözəl mənbələrdən biri İmam Cəfər Sadiqə (ə) məxsus olan “Tövhidi-Müfəzzəl” risaləsidir. Əsərin mükəmməlliyini şərtləndirən cəhətlərdən biri də bundan ibarətdir ki, İmam Sadiq (ə) valıq aləminin incəliklərini şərh edərkən bəlli məqsədi izləyir. “Tövhidi-Müfəzzəl”dəki bütün məlumatlar Allahın varlığını sübut etməyə yönəlib. İmam Cəfər Sadiq (ə) hər faktı qeyd etdikdən sonra bunun Allah tərəfindən yaradıldığını və özbaşına meydana çıxmasının qeyri-mümkünlüyünü vurğulayır.

“Tövhidi-Müfəzzəl” risaləsinin meydana çıxmasının maraqlı tarixçəsi vardır. Bu əsər Əhli-beytin (ə) sədaqətli tərəfdarı Müfəzzəlin adı ilə bağlıdır. Müfəzzəl ibn Ömər Cüfi hicri birinci əsrin sonları-ikinci əsrin əvvəllərində doğulmuş və imamların xidmətində olmuşdur. O, İmam Cəfər Sadiqlə (ə) İmam Musa Kazimin (ə) Kufə şəhərindəki xüsusi nümayəndəsi idi. İmamların göstərişi ilə şəhərin şiə əhalisinin mənəvi və maddi ehtiyaclarını təmin edirdi, İmamın ona verdiyi və özünün dini vergi olaraq Əhli-beyt tərəfdarlarından aldığı vəsaiti lazım olan istiqamətlərə xərcləmək səlahiyyəti vardı. İmam Sadiq (ə) ona göstəriş vermişdi ki, həmin vəsaitlə Kufədəki tərəfdarları arasında sülh və əmin-amanlıq yaratsın, meydana çıxan problemləri həll etsin (məsələn, Əli-beyt tərəfdarlarının borclarını ödəsin, maddi çətinliklərini həll etsin, mübahisələrini sahmana salsın və s.).

“Üsuli-Kafi” kitabında qeyd edilir ki, Müfəzzəl Kufədə iki nəfərin arasında miras bölgüsü üstündə yaranmış mübahisəni həll edərək, 400 dirhəm pul ödəməklə hər iki tərəfi razı saldı. Sonra dedi: “Bu pul mənim deyil, Əbu Abdullahın (İmam Sadiqin (ə)) puludur. O, mənə tapşırıb ki, əgər tərəfdarlarımızdan iki nəfərin arasında mübahisə yaransa, onun malından xərcləməklə aralarını düzəldim və mübahisəni aradan qaldırım” (“Üsuli-Kafi”, “İman və küfr” kitabı, “Camaatın arasını düzəltmək” babı, 4-cü hədis).

Müfəzzəl imamların yanında böyük hörmət sahibi idi. İmam Sadiq (ə) ona buyurmuşdu: “Ey Müfəzzəl! Allaha and olsun ki, mən səni və sənin xatirini əziz tutanları çox istəyirəm. Əgər mənim bütün səhabələrim sənin bildiyini bilsəydilər, heç vaxt iki nəfər arasında mübahisə yaranmazdı” (Şeyx Müfis. Əl-İxtisas, səh. 216).

Müfəzzəlin uca məqamını böyük alimlərdən Şeyx Müfid, Şeyx Tusi, Seyyid ibn Tavus, İbn Şəhraşub, Əllamə Məclisi, Mühəddis Nuri, Şeyx Abbas Qumi, Ağa Büzürg Tehrani, Ayətullah Xoyi və başqaları təsdiq etmişlər. Şeyx Səduq və Şeyx Küleyni öz hədis məcmuələrində onun rəvayət etdiyi hədislərə yer ayırmışlar. Bəzi mənbələrdə Müfəzzəli tənqid edən və onun rəvayət etdiyi hədisləri şübhə altına salan məlumatlara rast gəlinsə də, tədqiqatçı alimlər həmin məqamlara aydınlıq gətirmiş və bunların Müfəzzəl barədə mənfi rəy yaratmağa kifayət etmədiyini bildirmişlər.

“Tövhidi-Müfəzzəl” risaləsi alimlər tərəfindən yüksək dəyərləndirilir və böyük ehtirama layiq görülür. Mərhum Əllamə Məclisi “Biharül-ənvar” məcmuəsində “Tövhidi-Müfəzzəl” risaləsini tam nəql etməklə yanaşı, onu müstəqil şəkildə fars dilinə də tərcümə etmişdi. Həm böyük şəriət alimi, həm də arif kimi tanınmış Seyyid ibn Tavus oğluna vəsiyyət etmişdi ki, “Nəhcül-bəlağə” ilə yanaşı, “Tövhidi-Müfəzzəl” risaləsini də tez-tez oxusun. Həmçinin, o, səfərdə olan şəxslərə tövsiyə edirdi ki, “Tövhidi-Müfıəzzəl” risaləsini özləri ilə götürsünlər və yolboyu mütaliə etsinlər (“Kəşf əl-məhəccə”, səh. 50; “Səfinət əl-Bihar”, 2-ci cild, səh. 372).


Yerləşdirilib:31 Oktyabr, 2018, Baxılıb:1279, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com