Siffeyn savaşı

Üçüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-1000.html ; http://az.islam.az/article/a-1001.html)

Səfər ayının ortalarında Əli ibn Əbu Talib (ə) bir gecə şəxsən savaş meydanına çıxıb misli görünməmiş igildik göstərdi. O, həmin gecə düşmənin çox sayda döyüşçüsünü məhv etdi. Bu gecə tarixdə “Hərir gecəsi” kimi tanınır. “Hərir” ərəb dilndən tərcümədə “it ulaması” deməkdir. İmam Əlinin (ə) zərbələri altında Müaviyənin qoşunu fəryad etdiyi üçün həmin gecəyə bu adı vermişdilər.

Döyüşün taleyi həll olmaq üzrə idi. Müaviyə vəziyyəti belə görəndə məsləhət üçün Əmr ibn Asa müraciət etdi. Əmr məsləhət gördü ki, əsgərlər Quran vərəqlərini nizələrin ucuna bərkidib döyüş meydanına çıxsınlar. Bununla onlar guya tərəflərin arasında Qurani-Kərimin hakim olmasını istədiklərini bildirdilər. Əlinin (ə) qoşununda olanların əksəriyyəti bu hiyləyə aldanıb, sülh danışıqlarına başlamağı tələb etdi. İmam Əli (ə) Müaviyə ilə Əmr ibn Asın əsl məqsədini onlara başa salmağa cəhd göstərsə də, nəticəsi olmadı. Əlinin (ə) tərəfindən döyüşənlər silahı yerə qoydular və mütləq danışıqlara başlamaq lazım olduğunu bildirdilər. Hətta təhdid etdilər ki, əgər danışığa razı olmasa, ya İmamı öldürəcək, ya da Müaviyəyə təhvil verəcəklər. Həzrət çoxluğun rəyinə tabe olub son dəqiqəyə qədər döyüşü davam etdirməkdə olan Malik Əştəri geri çağırmağa məcbur oldu.

Beləliklə, hicri 37-ci il səfər ayının 17-də (miladi 657–ci ilin avqust ayı) Siffeyn savaşı hər iki tərəfin nümayəndələrinin müzakirə üçün görüşməsi şərti ilə dayandırıldı. Hər tərəfdən bir hakim təyin edildi. Həzrət Əlinin (ə) etirazına rəğmən, onun tərəfindən Əbu Musa Əşəri, Müaviyə tərəfdən isə Əmr ibn As həkəm seçildi. Həkəmlərin iclasını ramazan ayına təyin etdilər. Bu hadisə tarixə “həkəmeyn”, yəni iki hakim hadisəsi kimi daxil oldu.

Hiyləgər Əmr ibn As rəqibi ilə görüşərək onu razı saldı ki, onların hər ikisi təmsil etdikləri liderlərin xilafətə layiq olmadıqlarını söyləsinlər və xəlifənin camaat tərəfindən seçilməsinə şərait yaratsınlar. Əbu Musa Əşəri bu təklifə aldanaraq, hamının gözü qarşısında barmağından üzüyünü çıxarıb söylədi: “Mən barmağımdan bu üzüyü çıxardığım kimi, Əlini (ə) və Müaviyəni hakimiyyətdən uzaqlaşdırıram”. Onun ardınca çıxış edən Əmr ibn As belə söylədi: “Əbu Musa Əlini (ə) hakimiyyətdən uzaqlaşdırdı, mən də bununla razıyam və Əlini (ə) xəlifəlikdən uzaq elan edirəm”. Sonra Əmr ibn As əlindəki üzüyü o biri barmağına taxıb dedi: “Amma bu üzüyü barmağıma taxdığım kimi, Müaviyəni hakimiyyətə gətirirəm”. Bu hadisə hicri 37-ci ilin ramazan ayında (miladi 658-ci ilin fevralı) Şam (Diməşq) ilə Mədinə arasında yerləşən Dumət əl-Cəndəl məntəqəsində baş vermişdir (hal-hazırda bu yerlər Səudiyyə Ərəbistanının şimal-qərbindəki Cövf əyalətinə daxildir). Tərəflərin hər birindən 400 nəfər məşhur səhabə və qəbilə böyüyü həkəmlərin mübahisəsini izləmiş və şahidlik etmişdilər.

Həkəmeyn hadisəsinin nəticəsi Əli ibn Əbu Talibin (ə) bu məsələdə tam düzgün mövqe tutduğunu göstərdi. O, əvvəldən məsələnin həkəmeyn vasitəsilə həll edilməsinin tərəfdarı deyildi və bunun bir hiylə olduğunu başa düşürdü. Həm də Əbu Musa Əşərinin bu məsuliyyətli işə uyğun olmadığını gözəl bilirdi. Lakin onun dar düşüncəli tərəfdarlarının istəyi nəticəsində bu olay baş verdi. Həkəmeyn hadisəsi Müaviyənin hakimiyyəti ələ keçirmək imkanlarını daha da artırdı. Müaviyə bunu əsas tutaraq, öz xilafət iddiasına legitim don geydirməyə başladı. Həmçinin, bu hadisələr xəvaric cərəyanın yaranmasına səbəb oldu. Belə ki, bundan sonra İmam Əlinin (ə) silahdaşlarının bir hissəsi aldandıqlarını görərək, onu həkəmeynə razı olmaqda günahlandırdılar. Onlar nə Əlinin (ə), nə də Müaviyənin hakimiyyətə layiq olmadıqları fikrini şuar kimi irəli sürüb, hər iki liderə qarşı müxalifət mövqeyinə keçdilər...

Siffeyn müharibəsi fasilələrlə 100 gündən artıq davam etmişdir. Bu müharibəyə 175 min müsəlman cəlb edildi (Əlinin (ə) tərəfindən 90 min, Müaviyənin tərəfindən 85 min nəfər). Müharibə Əlinin (ə) tərəfindən təqribən 25 min, Müaviyənin tərəfindən isə 45 min nəfərin qətli ilə nəticələndi. Əmmar ibn Yasir, Üveys Qərəni, Haşim ibn Ütbə, Züş-şəhadəteyn Xüzeymə ibn Sabit kimi böyük şəxsiyyətlər döyüş meydanında şəhid oldular (bunların hamısı İmam Əlinin (ə) tərəfində idi).

Siffeyn savaşı hicri 212-ci ildə (miladi 827-828-ci illər) vəfat etmiş Nəsr ibn Müzahim Minqərinin “Vəqət əl-Siffeyn” kitabında ətraflı təsvir edilmişdir.


Yerləşdirilib:25 Oktyabr, 2018, Baxılıb:1202, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com