Siffeyn savaşı

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-1000.html)

Səfər ayının ilk həftəsində hər gün tərəflərdən məşhur bir şəxsiyyət bir dəstə döyüşçü ilə meydana çıxıb savaşırdı. Birinci gün İmamın tərəfindən Malik Əştər, qarşı tərəfdən Həbib ibn Məsləmə döyüşdülər. İkinci gün haqq qoşunundan Haşim ibn Ütbə, Müaviyə qoşunundan isə Əbül-Əvər Səlmi döyüş meydanına çıxdılar. Üçüncü gün Əmmar ibn Yasirlə Əmr ibn Asın növbəsi gəlib-çatdı. Dördüncü gün Həzrət Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyə və Ömər ibn Xəttabın oğlu Übeydullah qarşılaşdılar. Beşinci gün Həzrət Əlinin (ə) əmisi oğlu Abdullah ibn Abbas və Müaviyənin qardaşı oğlu Vəlid ibn Ütbə ibn Əbu Süfyan döyüş meydanında üz-üzə gəldilər. Altıncı gün Həzrət Əlinin (ə) sərkərdəsi Qeys ibn Səd Ənsari, qarşı tərəfdən İbn Zül-kila Himyəri döyüş meydanına qədəm basdılar. Yeddinci gün yenə Malik Əştərlə Həbib ibn Məsləmənin növbəsi yetişdi. Bu döyüşlərdə tərəflərin heç biri qəti qələbə qazanmırdı. Lakin bir qayda olaraq, yuxarıda adı çəkilən Müaviyə tərəfdarları İmam Əlini (ə) təmsil edən şəxslərlə təkbətək döyüşməkdən qorxub imtina edirdilər.

Səfər ayının 8-ci günündən başlayaraq İmam kiçik dəstələr halında döyüşməyi dayandırıb kütləvi hücum taktikasını seçdi. Artıq döyüşlər əvvəlki kimi günortaya qədər deyil, sübh tezdən gecəyarısına qədər davam edirdi.

İmamın sərkərdəsi Abdullah ibn Bədil Xüzai düşməni pərən-pərən salıb qoşunun içərisinə doğru irəliləyirdi. Onun məqsədi Müaviyənin çadırına çatıb onu öldürmək idi. Lakin Abdullah öz silahdaşlarından çox aralandığı üçün məqsədinə çatmadan şəhid oldu. İmam Əli (ə) sağ cinahda yaranmış qarışıqlığı aradan qaldırmağı Malik Əştərə tapşırdı. Malik qoşunun sağ cinahını səfərbər etdi. Məşhur səhabə Əbu Əyyub Ənsari də Müaviyənin çadırına kimi irəlilədi, amma nəticə qazanmadan qayıtmağa məcbur oldu.

Müaviyə təşəbbüsün qarşı tərəfə keçdiyini görüncə, yenidən hiyləyə əl atdı. Onun qoşunundakı nüfuzlu şəxslər İmam Əlinin (ə) silahdaşlarını aldadıb öz tərəflərinə çəkməyə cəhd göstərdilər. Ömər ibn Xəttabın oğlu Übeydullah İmam Həsənlə (ə) görüşüb təklif etdi ki, atasından ayrılsın; bu halda onu xəlifə seçərlər. İmam Həsən (ə) Übeydullahın təklifini rədd etdi.

Əmr ibn As isə Abdullah ibn Abbasa təriflə dolu məktub yazıb ona öz yolundan dönməyi təklif etdi. Lakin Abdullah ibn Abbas da onun təklifinə mənfi cavab verdi.

Siffeyn savaşında İmam Əli ibn Əbu Talib (ə) şəxsən döyüş meydanına çıxır və öz şücaəti ilə əsgərlərə nümunə göstərirdi. Müaviyə isə qulamı Hərisə öz zirehini geyindirib savaşa yollayırdı. Döyüşlərin birində Həris Əlini (ə) öldürə biləcəyini zənn edib o həzrətin üzərinə yürüdü. İmam bir zərbə ilə Hərisin həyatına son qoydu. Əli ibn Əbu Talib (ə) Müaviyəni təkbətək döyüşə çağırsa da, o, imtina edib savaş meydanına çıxmadı.

Siffeyn savaşında Əmr ibn As Malik Əştərlə qarşılaşdı, amma sifətindən yaralanıb qaçdı. Əmr ibn As İmam Əli ibn Əbu Taliblə (ə) də döyüş meydanında qarşı-qarşıya gəlmiş, lakin rüsvayçı bir hiylənin vasitəsilə özünü ölümdən qurtarmışdı.

Siffeyn savaşında Əmmar ibn Yasirin şəhid olması Şam qoşununun sıralarında təlatüm yaratdı. Çünki vaxtilə Həzrət Mühəmməd Peyğəmbər (s) Əmmarın “azğın bir dəstə” tərəfindən qətlə yetiriləcəyini xəbər vermişdi. Vaxtilə Məscidi-nəbəvinin tikintisində Əmmar xüsusi səylə çalışır və ağır kərpicləri iki-iki daşıyırdı. Peyğəmbər onun alnının tərini silmiş və buyurmuşdu: “Vay Əmmar! Onu azğın bir dəstə öldürəcək. O (Əmmar), onları (azğın dəstəni) cənnətə dəvət edəcək, onlar isə onu cəhənnəmə sarı çağıracaqlar”. Əmmar isə Peyğəmbərə belə cavab vermişdi: “Fitnələrdən Allaha sığınıram”.

(Səhih əl-Buxari, hədis 447 və 2812;

Səhih Müslim, hədis 7320-7324;

Sünən əl-Tirmizi, hədis 3800;

Müstədrəki-Hakim, hədis 2709, 5724, 5726 və 5727;

Müsnədi-İbn Hənbəl, II, 161 və 164; IV, 197; VI, 289;

Müsnədi-Təyalisi, hədis 637, 1703, 2282 və 2316;

İbn əl-Əsir. Üsüd əl-ğabə, II, 143 və 217;

İbn Həcər Əsqəlani. Əl-İsabə, I, 125 və s. mənbələr).

Məscidi-nəbəvinin tikintisindən 35 il sonra Peyğəmbərin (s) Əmmar haqqında buyurduqları həyata keçdi. Əmmar İmam Əlinin (ə) tərəfində Cəməl və Siffeyn savaşlarında fəal iştirak etmişdi. Bu zaman onun 90-dan artıq yaşı vardı. Siffeyndə Əmmar döyüş meydanına çıxdı, fədakarlıqla vuruşaraq şəhid oldu. Onun ölümü hər iki döyüşən tərəfin həyəcanına səbəb oldu. Peyğəmbərin məlum hədisini şəxsən o həzrətin dilindən eşidənlərin bir hissəsi hələ sağ idi. Sonrakı nəsil də bu hədisi səhabələrin ağzından yetərincə eşitmişdi. Ona görə də Əmmarın şəhadəti Müaviyə qoşununun “azğın dəstə” olmasına tutarlı sübut sayıldı. Şam ordusunun daxilində çaxnaşma və qarışıqlıq yarandı. Bir çoxları Peyğəmbərin qabaqcadan xəbər verdiyi azğın dəstədə olmamaq üçün silahlarını yerə qoymağa hazırlaşırdılar. Müaviyə və Əmr ibn As vəziyyətdən xəbərdar olan kimi əsgərlərin arasında belə bir şayiə buraxdılar: “Narahat olmağa heç bir əsas yoxdur. Doğrudur, Həzrət Peyğəmbər Əmmar ibn Yasirin azğın dəstə tərəfindən öldürüləcəyini xəbər vermişdi. Amma Əmmarı biz öldürmədik. Əmmarı Əli ibn Əbu Talib öldürdü. O, Əmmarı özü ilə döyüş meydanına gətirdi. Əgər Əli Əmmarı döyüşdən uzaqlaşdırsaydı, bu böyük səhabə qətlə yetirilməzdi. Əmmarın qətlinin bütün məsuliyyəti Əlinin öhdəsinə düşür”. İmam Əli (ə) bu sözləri eşidəndə buyurdu: “Əgər Əmmarı mən öldürmüşəmsə, deməli, Həmzəni də kafirlərlə döyüşə göndərəndə Peyğəmbər öldürübmüş”.


Yerləşdirilib:19 Oktyabr, 2018, Baxılıb:1206, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com