Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri

XX əsrin əvvəllərində rus xristian missionerlərindən biri yazırdı: "İslamiyyət iman və təəssübün qüvvəti və bütün müsəlman dünyasında ona xas olan birləşdirmə bacarığı etibarilə dünyada tayı olmayan bir dindir. Mənəvi sahədə onunla mücadilə imkansızdır". Məhz bu xüsusiyyətlərinə görə İslam tariximizin müxtəlif dövrlərində inkişaf bayrağımıza çevrilmişdir. İstər cəmiyyətin öz inkişafını nəzərdə tutan hürufilik kimi təlimlər, istərsə də Azərbaycanın siyasi yüksəlişini təmin eymiş qızılbaş hərəkatı kimi cərəyanlar məhz İslamdan qaynaqlanmış, ondan ilham almışlar. Eyni zamanda, İslam daima milli-azadlıq hərəkatımızın ruhlandırıcısına çevrilmişdir. əsrin əvvəllərində rus imperiyasına qarşı mübarizə də məhz İslam bayrağı altında başlamışdır.

Azərbaycanda maarifçilik, milli hərəkat adları ilə tanıdığımız və XIX əsrin ortalarından etibarən bu və yaxud digər formada demək olar ki, bütün müsəlman dünyasını bürümüş cərəyanlar məhz İslam aləminin dirçəlişi ideyaları kimi meydana gəlmişlər. Əslində 1918-1920-ci illər Azərbaycan Cümhuriyyətinin yaranması bu ideyaların təsiri altında formalaşmış milli-azadlıq hərəkatının labüd nəticəsi olmuşdur. İlk dövrlər məhz müsəlman aləminin mədəni dirçəlişinin təmin edilməsini nəzərdə tutan maarifçilik hərəkatımız məntiqi olaraq tezliklə siyasiləşmiş və antimüstəmləkəçilik ideyalarının daşıyıcısı kimi milli-istiqlal hərəkatına çevrilmişdir.

1908-ci ildə məşhur Avropa şərqşünası Vamberi "Cosmopolit" jurnalında yazırdı: "İslamda onu müasir mədəniyyətlərə yaxınlaşdıran meyllər zühur etməkdədir". O vaxt hələ imperiyalar bu meyllərin istiqlal hərəkatının əsasını qoyduğunu dərk etmirdi. Rusiya miqyasında "Əkinçi", "Tərcüman" qəzetlərinin başladığı üsuli-cədililik hərəkatı ilk dövrlər sırf yeni maarifçilik xüsusiyyətini daşısa da, tezliklə məhz bu məktəblərdə toplaşan müəllim və tələbələr "cədidilər" adı altında milli-azadlıq hərəkatının əsas hərəkətverici qüvvələrinə çevrilmişdilər.

Ümumrusiya miqyasında vahid müsəlman milli hərəkatı kimi formalaşmış istiqlal mübarizəsinin ideoloji bazası məhz bir sıra səbəblərin təsiri altında Bakı olmuşdur. Ümumrusiya miqyasında müsəlman milli hərəkatının ilk kütləvi təzahürünə çevrilmiş cədidiliyin ideoloji əsasları məhz H. Zərdabinin "Əkinçi"sində formalaşdırılmağa başlamışdı. İlk dəfə bu tipli məktəblər də məhz Azərbaycan ziyayıları S. Ə. Şirvani, M. T. Sidqi, R. Əfəndiyev, M. M. Nəvvab tərəfindən yaradılmışdır. Gələcəkdə islamçı İttihad partiyasının rəhbərlərindən olacaq Azərbaycan marifpərvərləri S. M. Qənizadə, H. Mahmudbəyov bu tipli məktəblərin yaradılması təcrübəsini Rusiyanın digər müsəlman mərkəzlərində də yaymışlar. Eyni zamanda, İslami dirçəliş nəzəriyyəsinin banilərindən olan Ə. Hüseynzadə, Ə. Ağayev nəinki Ümumrusiya, hətta ümummüsəlman miqyasında məşhurlaşmışlar. Məhz bu şəxslərin rəhbərliyi ilə çıxan və müsəlman siyasi məfkurəsinin formalaşmasında əhaliddə rol oynamış "Həyat", "İrşad", "Füyuzat" kimi mətbuat orqanları Azərbaycanı müsəlman mətbuatının mərkəzinə çevirmişdir. Bu nəşrlərin çıxdığı dövr milli-azadlıq hərəkatının xüsusi mərhələsini təşkil etmişdir. Bu qəzet və məcmuələrdə İslam və İslam dünyası problemləri əsas diskussiya mövzusuna çevrilir və milli hərəkatın konkret tələbləri formalaşdırılırdı. M. ə. Rəsulzadə qeyd edir ki, burada qaldırılan tələblər üsuli-cədidin tətbiqindən, türk dilinin hökumət və digər məktəblərdə tətbiqindən, şeyxul-islam seçkilərinin keçirilməsindən, "müsəlmanlar üçün də sair millətlərdə olduğu kimi nəşr-maarif və ümumxeyriyyə ilə mütəvəqqül-cəmiyyətlər təşkilindən","müsəlmanların vətəndaşlıq hüquqlarının digər millətlərlə eyniləşdirilməsindən və s. ibarət idi".

Lakin qaldırılan problemləri həyata keçirmək üxüçün vahıd mərkəz tələb olunurdu. Bu mərkəz milli-azadlıq hərəkatının rəhbər orqanına çevrilməli, onun taktiki xəttlərini müəyyənləşdirməli idi. Doğrudan da çox keçmədən belə bir siyasi qurumun təşkilinə başlandı və 1905-ci ilin avqust ayında Rusiyanın əksər müsəlman bölgələrindən nümayəndələrin iştirakı ilə Nijni Novqorodda "Qustav Struve" gəmisində ilk müsəlman qurultayı açıldı. Qurultay "İttifaqi-müslimin" adlı təşkilatın yaradılmasını bəyan etdi. 5 maddədən ibarət qərarın qəbulu ilə başa çatan bu yığıncaq ittihadi-islamın Rusiyada ilk siyasi qurumunun əsasını qoydu. əvvəllər mətbuat vasitəsilə təbliğ olunan problemlər artıq proqram şəklində "İttifaq"ın fəaliyyət əsasına çevrildi.

Ə.Topçubaşovun rəhbərlik etdiyi "İttifaqi-müslimin" firqəsindən sonra Azərbaycanın ictimai-siyasi həyatına əhəmiyyətli təsir göstərmiş ikinci nüfuzlu təşlilat "Difai" idi. Ə. Ağayevin bilavasitə rəhbərliyi altında yaradılan "Difai"nin fəaliyyəti ilk növbədə erməni irticasına qarşı yönəlsə də, onun ideoloji bazasını islamçılıq ideologiyası-ittihadi-islam təşkil edirdi.

Xalqımızın milli-azadlıq hərəkatına böyük təsir göstərmələrinə baxmayaraq, istər "İttifaq", istərsə də "Difai" uzun müddət yaşaya bilmədi. "İslamı bir dəqiqə də olsun, silahını əlindən buraxmayan müəzzəm qüvvə" hesab edən çarizm müsəlman ziyalılarını siyasi təqibə məruz qoydu. Lakin Ə.Ağayev, Ə.Huseynzadə, M.Ə.Rəsulzadə, Q.Qarabəyov və bir çox başqaları doğma Azərbaycanı tərk etmək məcburiyyətində qalsalar da, onların ümummüsəlman hərəkatında iştirakı davam edirdi. Bu şəxslər İranda Səttarxan, Türkiyədə "Gənc türklər" hərəkatlarının fəal üzvlərinə çevrilmişdilər.

"Difai"nin dağılmasından sonra Azərbaycanın siyasi fonundakı boşluğu dolduracaq bir təşkilatın metdana çıxması labüd idi ki, belə bir qurum da 1911-ci ildə yaradılan "Musavat" firqəsi oldu. M.B.Məmmədzadənin yazdığı kimi, "eyni müsəlman qövmlərini intihamdan qurtarmaq məqsədilə qurulan "Musavat" ömrünün uzunluğu və həyatiyyəti etibarilə "Difai"dən daha məsud çıxmışdır. O, dövrünün hakim zehniyyəti altında İslam milliyyətçiliyi ilə meydana gəlmişdir".

İslam ideyalarının yeni təbliqçisinə çevrilən "Musavat"ın siyasi mübarizə meydanına atılmasına Balkan mübarizəsi təkan vermişdi. Türkiyə ilə müharibənin İslam aləminə qarşı təcavüz hesab edən "Musavat" ittihad bayrağını dalğalandırmışdır. Firqənin təşəkkülünü bildirən bəyannamədə deyilirdi: "Bir zamanlar nəcib İslam milləti bir əlilə Pekinə dayanmış, digər əlilə Avropanın sonunda əl-Həmra sarayları inşa ediyordu. Asiyanın və Afrikanın belə böyük hissələrində hakim bulunan İslam hal-hazırda kiçik hissələrə parçalanmış və İslam dövlətləri əcnəbilər əlində oyuncaq şəklinə düşmüş, millətlərimiz isə onların nüfuz və təhəkkümündə inləməkdədir… Ona görə Quranın əldə bütün vasitələrlə düşməni dəf etməyi əmr edən ayəyi-şərifəsi mucibincə "Musavat" firqəsi təşəkkül olunub və bütün müsəlman dünyasının dağılmış qüvvələrini birləşdirmək və müsəlmanların milli və insani haqlarını müdafiə etmək məqsədilə açıq meydani-mibarizəyə atilmişdır. əzalarının məhəlli dilində proqram yapmağa başlayan bu firqə, milliyyət və məzhəb fərqi nəzərə almadan müsəlmanların bütün mənəbi və maddi qüvvələrini birləşdirməyi məqsəd qoymuşdur".

Eyni zamanda, firqənin ilk proqram xarakterli sənədi "Musavat"ın islamçılıq ideyalarını daha bariz şəkildə nümayiş etdirirdi. Bu sənədin müddəalarında deyilirdi:

1. Milliyyət və məzhəb fərqi gözləmədən bütün müsəlmanların birləşməsi.

2. İstiqlallarını itirmiş müsəlman məmləkətlarinin yenidən müstəqil olmalarına çalışmaq…

3. İstiqlallarını müdafiə və ya əhya üçün çalışan bütün müsəlman məmləkətlərinə mənəvi yardımda bulunmaq.

4. Müsəlman millətlərinə və məmləkətlərinə… qüvvətlərini artırmaq üçün yardım etmək.

5. Bu ideyaların yayılmasına mane olan bütün ölkələri yığmaq.

6. Müsəlmanların birləşməsinə və tərəqqisinə çalışan digər bütün firqələrlə əlaqələr yaratmaq.

7. Müsəlmanların yaşamaq uğrundakı savaş mübarizəsini, onların ticarət, sənaye və ümumən iqtisadi həyatlarını qüvvələndirməyə çalışmaq.

1918-1920-ci illər Azərbaycan Cumhuriyyətinin təşəkkülündə müstəsna xidmətləri olmuş "Musavat" və müsavatçılar üçün İslam Azərbaycan məfhumunun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilmişdir. Bununla əlaqədar 1917-ci ildə "Müsavat" qəzeti yazırdı: "Din camesinin milliyyət camesindən ayrı olduğunu qəbul edə bilməriz. Din camesi milliyyət camesinin bir kamal qayəsi olduğu üçün milli halət və dini halət arasında təbii bir münasibət daim oluyor… Dini azadlıq və milli musavat hürriyyətin qəti lazım ərkanındandır. Musavat firqəsinin yeganə bir arzusu varsa, o da türk millətinin və müsəlmanların ittihadı və səadətidir. Müsavat bu məqsədlə təşkil olunmuş, yaşayır və yaşayacaqdır".

Azərbaycan milli hərəkatında islamçılıq ideyaları mıllətçilik ideyaları ilə sıx çulğalaşmış şəkildə yanaşı addımlamışdır. Amerika alimi T. Svyataxovski qeyd edir ki, "Rusiya ərazisində bu iki ideologiya bir-birini inkar etmirdi, çünki əksər türk xalqları müsəlman idilər. Qasprinski həmişə təkrarlayırdı ki, İslam türk millətinin əsas faktorlarındandır, türkçülüyün bir çox rəhbərləri eyni zamanda özlərini islamçı sayırdılar".

"Türkçülüyün əsas ideoloqlarından biri Ə. Hüseynzadənin fikrincə, "türklər külliyyat etibarilə sair dinlərə meyl və istedad göstərməmiş, ancaq müsəlmanlığa meyl və müştaq bulunmuşlar… İslamı qəbul etmələri sayəsində ancaq bu dini-mubin sayəsində onlar bir tərəfdən öz milliyyətlərini mühafizə edib tamam bəqa edə, türk oğlu türk qala bilmiş", digər tərəfdən, "aləmi-İslamın bir rükn istinadgahı sırasına keçmiş onu mühafizəyə qeyrət edib" daha da rövnəqləndirmişlər". Ə. Ağayev isə öz növbəsində qeyd edirdi ki, "biz türklər Asiyayi-Qərbiyyəyə atıdığımız gündən bəri kəndimizi İslam deyə tanıyırız… İslamiyyət türklər üçün bütün mənası ilə qövmi, cinsi bir dindir".

Milli hərəkatımızın ideoloji əsasını qoymuş bir şəxs kimi ə. Ağayev başqa bir yazısında qeyd edirdi ki, "İslamiyyət cərəyanı türk aləmində müşahidə eidlən cərəyanlardan birincisidir. Fəqət bunun zəminində digər bir cərəyan hüsula gəlməkdədir ki, bu da qövmiyyət, yaxud türklük cərəyanıdır. Bu iki cərəyan bəzən birləşərək, bəzən ayrılaraq və bəzən müsadimə edərək eyni sahə üzərində yeriməkdədir. Bunların bəxş etməkdə olduğu füyuzat eyni dərəcədə mühüm və nafe, eyni dərəcədə mübərra və müqəddəsdir. Nəticə etibarilə eyni nöqtəyə doğru yürüməkdədir bu iki cərəyan… Türklərin içində qövmiyyət cərəyanına qapılmış olanlar istər-istəməz çar və naçar qövmiyyət naminə böylə islamiyyət cərəyanını qəbul etməyə məcburdurlar. İslamiyyət bir erkən rükni-qövmiyyət ədd edəcəkdir… Bu bir əmri-vaqedir".

Beləliklə, 1918-20-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyətinin yaradılması ilə nəticələnmiş milli hərəkatın məhz İslam bayrağı altında yarandığı və İslamın Azərbaycanın daimi tərkib hissəsi kimi öz əksini Cumhuriyyətimizin üç rəngli bayrağında tapması danılmaz həqiqətlərdir. Xalqımızın, millətimizin, ölkəmizin inkişafı üçün bizim həmin bayrağı qəbul etdiyimiz kimi, onun məzmununu dərk edib dalğalandırdığı ideyaları həyatımıza tətbiq etməyimiz tərəqqimizin yeganə yoludur.

Altay GÖYÜŞOV


Yerləşdirilib:21 Fevral, 2006, Baxılıb:5236, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com